Prezident İlham Əliyev: "Biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik"

“Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Bu gün səhər uşaqlarla bir neçə tədbirdə iştirak edirdim. Onlardan soruşurdum, həm Zabuxda, həm Laçın şəhərində, siz Bakıdan, Sumqayıtdan, digər yerlərdən gəlmisiniz, darıxmırsınız? Xeyr dedilər. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu”. Bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində bildirib.  Dövlət başçısı vurğulayıb ki, indi biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi: “Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi. Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz”.

Azərbaycan Prezidenti onu da qeyd edib ki, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə: “Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq”.