Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi dövlətin din sahəsində mövcud konsepsiyasını həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasını, “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu”nu, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında Əsasnaməni, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman, Sərəncam və tapşırıqlarını əsas tutaraq fəaliyyət göstərmişdir.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura ilə birlikdə Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarında dini ayinlərin icraçıları və yerli dindarlarla görüşlər keçirmiş, şəhər və rayonlarımızda İslam dininin düzgün formada təbliği, yas mərasimlərinin düzgün formada idarə olunması haqda müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının muxtar respublika ərazisində yayılmasına nəzarətin həyata keçirilməsi ciddi nəzarətdə saxlanılmışdır. Belə ki, ekspert rəyi verilməsi üçün müvafiq orqanlardan Agentliyə 1063 adda 2881 ədəd dini material daxil olmuş, aparılmış araşdırma nəticəsində dövlətçiliyimizə zidd, məzhəb ayrıseçkiliyi salan və ifrat məzhəbçilik prinsipini təbliğ edən 499 adda 644 ədəd dini materialın muxtar respublika ərazisində yayılmasının qarşısı alınmışdır.
Bundan əlavə olaraq il ərzində müvafiq orqanlardan agentliyə 109 nəfərin din xadimi olub olmadığı barədə sorğu yönləndirilmiş və bu şəxslərin din xadimi olmadığı müəyyən edilmişdir.
Din xadimlərinin biliklərinin artırılması və attestasiyasının davam etdirilməsi istiqamətində Agentlik tərəfindən “Sarvanlar” məscidində dini icma üzvlərinə təkmilləşdirmə kursları təşkil olunmuşdur. Bu kurslarda “Hədis elmi”, “Fiqh”, “İslam tarixi”, “Kəlam elmi”, “Məzhəblər tarixi” kimi İslam elmləri tədris edilmişdir.
16 iyun 2022-ci il tarixində Agentlik tərəfindən təsis olunmuş attestasiya komissiyasının iştirakı ilə Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərində fəaliyyət göstərən ümumilikdə din xadimlərinin attestasiyasını həyata keçirmiş, bu zaman namizədlərin verilən suallara ənənəvi İslama və tolerantlıq qanunlarına uyğun cavablar vermələrinə diqqət olunmuşdur.
Agentlik Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura ilə birlikdə dinin düzgün təbliğinə xüsusi diqqət yetirilməsi, din xadimlərinin biliklərinin artırılması, həmçinin dini təhsil almağa meyilli olan sakinlər üçün Naxçıvan şəhər Sarvanlar, Şərur və Şahbuz rayon məscidlərində qadın və kişilərdən ibarət təkmilləşdirmə kursları təşkil etmişdir. İl ərzində 90 nəfər təkmilləşdirmə kurslarında iştirak etmiş və hazırda 58 nəfərin kurslarda təlimi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, zəvvar qruplarının təşkili müvafiq olaraq nəzarətdə saxlanılmış, 01 yanvar 2022-ci il tarixindən bugünədək Naxçıvan Muxtar Respublikasından 515 nəfər xarici ölkələrdə yerləşən ziyarətgahlara səfər etmişdir. Bunlardan 17 nəfəri Həcc, 27 nəfəri Ümrə, 194 nəfəri İİR-nin Məşhəd, 277 nəfəri isə Kərbəla ziyarətində olmuşdur.
Bununla yanaşı, cari ildə dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də icmaların fəaliyyətlərinə ciddi nəzarətin təşkil olunması məqsədilə hər ay Naxçıvan şəhəri Sarvanlar məscidində 15 icma rəhbərinin iştirakı ilə iclaslar təşkil olunmuşdur. Agentlik həmçinin vaxtaşırı rayon və kənd məscidlərində olaraq oradakı dini durumu yaxından öyrənmiş, yas mərasimlərinin keçirilməsini, burada çıxış və təbliğatların aparılmasının qanuni çərçivəyə salınması, din xadimlərinin vahid geyim formasına riayət olunmasına nəzarətin təşkili, dini və məzhəb ayrıseçkiliyi zəminində baş verə biləcək halların vaxtında qarşısının alınması istiqamətində profilaktik tədbirlər həyata keçirmişdir. Nəticədə rayon və kəndlərdə fəaliyyət göstərən məscidlərin də təmizliyinə ciddi diqqət göstərilmiş, məscidlərdə İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil olunaraq tolerantlıq prinsipləri ciddi şəkildə qorunmuşdur. Müxtəlif məzhəblərə məxsus şəxslərin məscidlərdə birgə ibadət etmələri təmin olunmuş, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə bölgələrdə 18 maarifləndirmə iclasları keçirilmişdir. Məscidlərdə din xadimləri tərəfindən namazların və eləcə də “Cümə” namazlarının təşkili diqqətdə saxlanılır.
Dindarlar tərəfindən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə diqqətin artırılması məqsədi ilə “Cümə” namazlarında, yas mərasimlərində və digər dini ayinlər zamanı edilən söhbətlərdə din xadimlərinin istifadəsi üçün “Vətənə sevgi”, “Vətənpərvərlik”, “İslamda şəhidlik anlayışı” mövzularında xütbələr hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikasında dini bayramlar, ayinlər və yas mərasimlərinin yüksək səviyyədə milli mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi hər zaman diqqət mərkəzində saxlanılmışdır.
Belə ki, bu il aprel ayının 2-i hicri təqvimlə ramazan ayının 1-i, may ayının 1-i isə ramazan bayramına (Fitr bayramı) təsadüf etmişdir. Aprel ayının 19, 21, 25-ci günləri yəni hicri təqvimlə ramazan ayının 18, 20, 22-ci günləri əhya gecələrinin ayinləri Naxçıvan şəhər “Sarvanlar” məscidindən agentliyin sosial şəbəkələrdə fəaliyyət göstərən rəsmi səhifəsində canlı olaraq yayımlanmışdır.
01 may 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən məscidlərdə Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınmış, şəhər və rayon mərkəzlərində yerləşən məscidlərə gələn dindarlara ramazan sovqatı paylanılmışdır.
17 iyun 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən dini icmalar cənazə avtomobilləri ilə təmin olunmuş, bundan əlavə olaraq din xadimlərinə vahid yeni geyim formaları təqdim olunmuşdur.
Agentlik və Qazılar şurasının əməkdaşları “Şəhidlərimizi tanıyaq” lahiyəsi çərçivəsində şəhid ailələri ilə mütəmadi görüşlər təşkil etmiş, bu zaman Qurani- Kərimdən sürələr oxuanaraq bütün Azərbaycan şəhidlərinin ruhlarına bağışlanmışdır.
Bu il iyul ayının 30-u hicri təqvimlə məhərrəm ayının 1-i, Aşura günü isə avqust ayının 8-nə təsadüf etmişdir.
Məhərrəm ayının doqquzuncu və onuncu günlərinin ayinləri (Tasua və Aşura) Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə ənənəvi İslam qaydalarına uyğun şəkildə icra olunmuş, eyni zamanda Naxçıvan şəhər “Pirqəmiş” məscidindən agentliyin sosial şəbəkələrdə fəaliyyət göstərən rəsmi səhifəsində canlı olaraq yayımlanmışdır.
İl ərzində maarifləndirmə işinin təşkili məqsədilə mütəmadi olaraq yerli KİV-də 24 dini verilişlər hazırlanmış, vaxtaşırı islam dininin əsaslarına dair məqalələr dərc olunmuşdur.
Planlaşdırılmış şəkildə aparılmış tədbirlər nəticəsində hesabat dövrü ərzində muxtar respublika ərazisində keçirilən dini mərasim və ayinlər mövcud qanunvericiliyə uyğun keçirilmiş, qanun və ictimai asayişin pozulması faktları qeydə alınmamışdır.
Naxçıvan MR Dini Qurumlarla İş üzrə
Dövlət Agentliyinin direktoru: Vüqar Babayev
06.12.2022-ci il